İDMAN
“Neftçi”nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub
Bakı, 2 avqust, AZƏRTAC
Bakının “Neftçi” futbol klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasiminin nəticəsinə görə, Bakı təmsilçisi üçüncü təsnifat mərhələsində Avstriyanın “Rapid” (Vyana) komandasını üstələsə, növbəti raundda “Vaduts” (Lixtenşteyn) - “Konyaspor” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab matçı isə avqustun 25-də keçiriləcək. “Neftçi”nin “Rapid”lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq. Bu cütün qalibi pley-off mərhələsində ilk görüşünü səfərdə keçirəcək.