CƏMİYYƏT
Nəriman Nərimanov adına neft və qaz çıxarma idarəsinin “Səngəçal-Duvannı-Xərə-Zirə” yatağında ekoloji monitorinq aparılmışdır
Bakı, 31 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsinin ekoloji monitorinq departamentinin ekoloji tədqiqatlar ekspedisiyası tərəfindən “Azneft” İstehsalat Birliyinin Nəriman Nərimanov adına neft və qaz çıxarma idarəsinin “Səngəçal-Duvannı-Xərə-Zirə” yatağında ekoloji monitorinq aparılmışdır.
AZƏRTAC xəbər verir ki, yatağın ətraf mühitinin vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə aparılan monitorinq “MPK-452” gəmisi vasitəsilə həyata keçirilmişdir.
Monitorinq zamanı Xəzər dənizinə təsir edən parametrlərin müəyyənləşdirilməsi üçün sözügedən yatağın seçilmiş stansiyalarından dəniz dibindən dib çöküntüləri, bentos nümunələri, dəniz suyundan fitoplankton və zooplankton nümunələri götürülmüş, suyun üst və alt qatlarının fiziki-kimyəvi parametrləri təyin edilmişdir.
Götürülmüş nümunələr kompleks tədqiqat laboratoriyasında tədqiq edildikdən sonra alınmış nəticələrə əsasən analitik təhlillərin aparılması nəzərdə tutulmuşdur.