İDMAN
Nərimanov rayonunda “Gənclər həftəsi” çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib
Bakı, 1 fevral, AZƏRTAC
2 fevral - Azərbaycan Gəncləri Gününün təsis olunmasının 25 illiyi münasibətilə elan edilən “Gənclər həftəsi” çərçivəsində Nərimanov rayonunda “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə yarış keçirilib.
AZƏRTAC xəbər verir ki, “Odlar Yurdu” Universitetində keçirilən turnirdə rayonda fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin komandaları mübarizə aparıblar. Yarışda daha yaxşı nəticə göstərən Azərbaycan Kooperasiya Universitetinin komandası birinci yeri tutub. “Odlar Yurdu” Universitetinin komandası ikinci, Azərbaycan Dillər Universitetinin təmsilçiləri isə üçüncü yerlərə sahib olublar.
Turnirin qalib və mükafatçıları Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif ediliblər.
İntellektual oyunun təşkilində məqsəd 2 Fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyinin yüksək səviyyədə qeyd olunması, gənclərin intellektual səviyyəsinin, dünyagörüşünün artırılması, onların asudə vaxtlarının səmərəli dəyərləndirilməsidir.