Nərimanov rayonunda tibbi müayinələr yekunlaşmaq üzrədir
Bakı, 30 aprel (AZƏRTAC). Əhalinin sağlamlığını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin tapşırığına əsasən fevralın 14-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbari tibbi müayinələrdən keçirilməsi kampaniyası Nərimanov rayonunda yekunlaşmaq üzrədir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, müayinələr rayon ərazisindəki müasir tibbi avadanlıqla təchiz edilmiş 9 poliklinikada keçirilmişdir. Ötən müddətdə təkrar tibbi müayinədən keçənlər də olmuş və onlarda əvvəlki müayinə zamanı aşkar olunmuş xəstəliklərin fəsadlarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülmüşdür.
Aprelin 30-da isə rayon ərazisində yerləşən 4 nömrəli şəhər poliklinikasında növbəti müayinə keçirilmişdir. Yüzlərlə rayon sakini müasir tibbi avadanlıqla təchiz olunmuş səhiyyə ocağına gələrək müayinədən keçmişlər.
Poliklinikada indiyədək 13 min 200 nəfər tibbi müayinədən keçmiş, onlardan 628 nəfərə ambulator, 120 nəfərə stasionar müalicə təyin edilmişdir.
Fevralın 17-dən etibarən rayon üzrə 71 min 395 nəfərin müayinələrdən keçməsi təmin olunmuşdur. Onlardan 8 min 744 nəfərə ambulator, 220 nəfərə stasionar müalicə təyin edilmişdir.
Ölkə başçısının bu nəcib təşəbbüsünü böyük rəğbətlə qarşılayan rayon sakinləri onların sağlamlıqlarının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.