ELM VƏ TƏHSİL
Nəsirəddin Tusinin “Əsasül-iqtibas” adlı məntiq əsəri Azərbaycan dilinə tərcümə edilir
BakI, 24 avqust (AZƏRTAC). Nəsirəddin Tusinin “Əsasül-iqtibas” adlı məntiq əsəri ilk dəfə olaraq farscadan Azərbaycan dilinə tərcümə edilir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutu tərəfindən 3 ildir həyata keçirilən tərcümə işləri yekunlaşmaq üzrədir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, bu ilin sonunda əsərin doğma dilimizdə nəşri nəzərdə tutulmuşdur.
Əsərin tərcüməçisi institutun baş laborantı Şahin Yəhya, elmi redaktoru isə cəbr və riyazi məntiq şöbəsinin rəhbəri, dosent Əli Babayevdir.
Ə.Babayev bildirmişdir ki, əsər fars dilində 600 səhifədən ibarətdir. Məntiq və fəlsəfə ixtisası üzrə təhsil alanlar əsərin azərbaycancasından ali məntiq dərsliyi kimi istifadə edə biləcəklər.
“Əsasül-iqtibas” “Şeyxur-rəis” təxəllüslü Əbu Əli ibni Sinanın “Şifa” adlı kitabından sonra yazılmış məntiq üzrə ən mükəmməl kitab hesab edilir.