Assosiasiya sədri: Meyvə-tərəvəz və istixana sektorunun inkişafı ilə bağlı hədəflər böyük əhəmiyyət daşıyır
Bakı, 30 may, AZƏRTAC
Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi davamlı diqqət və dəstək nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nı yüksək qiymətləndiririk. Sənədin hazırlanması zamanı dövlət qurumları, assosiasiyalar və istehsalçılar arasında çoxsaylı müzakirələr aparılıb, sektorun real ehtiyac və təklifləri nəzərə alınıb.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev deyib.
“Xüsusilə Dövlət Proqramında meyvə-tərəvəz və istixana sektorunun inkişafı, ixrac potensialının genişləndirilməsi, yeni bazarlara çıxış imkanlarının artırılması və müasir texnologiyaların tətbiqi ilə bağlı hədəflər böyük əhəmiyyət daşıyır. İnanırıq ki, proqram Azərbaycanın meyvə-tərəvəz sektorunun mövcud ixrac potensialından daha səmərəli istifadə edilməsinə, beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə və kənd yerlərində dayanıqlı iqtisadi inkişafın sürətlənməsinə mühüm töhfə verəcək”, - deyə Assosiasiya sədri qeyd edib.
Müxbir - Günel Türksoy