Fransada Azərbaycanın miniatür ruhunu yaşadan rəssam-Əli Seyran İmanzadə
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan təsviri sənətində özünəməxsus yaradıcılıq xətti ilə seçilən rəssam Əli Seyran İmanzadə uzun illərdir milli miniatür sənətini müasir estetik düşüncə ilə birləşdirən sənətkar kimi fəaliyyət göstərir. Uzun müddət Fransada yaşayan və yaradan fırça ustası, Avropa sənət mühiti ilə Şərq miniatür ənənələrini öz yaradıcılığında uğurla sintez etməyi bacarıb.
AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan sənətkar öz yaradıcılıq yolu, Şərq və Qərb mədəniyyətlərinin qovşağındakı axtarışları barədə danışıb: "Mənim üçün miniatür sadəcə qədim bir rəsm texnikası deyil, Azərbaycan xalqının mədəni yaddaşı, mənəvi kimliyi və estetik dünyagörüşünü yaşadan ən mühüm sənət sahələrindən biridir. Hesab edirəm ki, əsası XVI əsrdə qoyulan və formalaşan Təbriz miniatür məktəbinin ənənələri bu gün yenidən inkişaf etdirilməli, yeni nəsil rəssamlar üçün ayrıca bir məktəb kimi yaşadılmalıdır".

Əli Seyran İmanzadə Fransada keçirilən müxtəlif sərgilərdə, beynəlxalq sənət tədbirlərində və yaradıcılıq platformalarında fəal iştirak edərək Azərbaycan mədəniyyətini beynəlxalq müstəvidə tanıdır. Onun əsərlərində qədim Azərbaycan və Şərq miniatür məktəbinin incə ornamentləri, milli ruh, insan duyğuları və çağdaş rəng harmoniyası xüsusi estetik dillə təqdim olunur. Rəssamın yaradıcılığı yalnız klassik sənət ənənəsinin davamı deyil, həm də milli təsviri sənətin müasir dövrdə yeni nəfəs qazanmasının uğurlu nümunəsidir.
Ustad sənətkar uzun illər Avropada yaşasa da, yaradıcılığının əsas ilham mənbəyinin hər zaman Azərbaycan olduğunu vurğulayır: "Dünyanın harasında yaşayırsan-yaşa, vətənin ruhu, onun doğma ab-havası insanı həmişə özünə çəkir. Mən hər bir əsərimdə Azərbaycana olan sevgimi, onun zəngin mədəniyyətini əks etdirməyə çalışıram. Bu gün Azərbaycan dövlətinin mədəniyyətə və sənət adamlarına göstərdiyi diqqət olduqca yüksəkdir və bu qayğı milli incəsənətin inkişafı üçün böyük əhəmiyyət daşıyır".
Rəssamın əsərləri fərqli şəxsi kolleksiyalarda yer almaqla yanaşı, Azərbaycan Miniatür Sənəti Muzeyi tərəfindən satın alınaraq muzeyin fonduna daxil edilib. Əli Seyran İmanzadə bu gün də milli miniatür sənətinin qorunması, gənc nəslə ötürülməsi və beynəlxalq səviyyədə layiqincə tanıdılması istiqamətində yaradıcılıq fəaliyyətini davam etdirir.