Alparslan Bayraktar: Azərbaycanın bərpaolunan enerji resursları böyük həcmdədir
Bakı, 1 iyun, AZƏRTAC
Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) elektrik enerjisi nəql edən versiyasının həyata keçirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar jurnalistlərə açıqlaması zamanı deyib.
“Mən bu layihəyə TANAP-ın elektrik versiyası deyirəm. TANAP necə ki, təbii qazı daşıyır, bu layihə də Azərbaycanın elektrik enerjisini Türkiyəyə, Türkiyə üzərindən isə Avropaya çatdıracaq. Yaxın həftələrdə və aylarda bu layihə haqqında daha çox eşidəcəyik”, - nazir bildirib.
O qeyd edib ki, qlobal miqyasda baş verən proseslər fonunda ölkələr enerji resurslarını təhlükəsiz şəkildə tədarük etmək, öz enerji mənbələrini yaratmaq üçün böyük səylər göstərirlər. Bu xüsusda bərpaolunan enerji mənbələri ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Bəzi ölkələrdə bu resurslar böyük həcmdədir: “Azərbaycan da bu ölkələr sırasındadır. Hazırda qlobal miqyasda enerji investisiyalarının böyük əksəriyyəti bərpaolunan resurslara yönəldilir. Bunun üçün iki əsas şərt var: güclü elektrik enerjisi nəqletmə sistemi və infrastruktur, eyni zamanda, bu resursları əlaqələndirən qarşılıqlı və bağlantı layihələri olmalıdır. Bu baxımdan Türkiyə ilə Azərbaycanın böyük imkanı var”.