“Sea Breeze”də uşaqlar üçün xeyriyyə tədbiri təşkil olunub
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 1-də “Sea Breeze” ərazisindəki “Event Hall”da Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar illik xeyriyyə tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, uşaq evlərindən, sığınacaqlardan, sosial müəssisələrdən və aztəminatlı ailələrdən təxminən 200 uşağı bir araya gətirən tədbiri “Dream Group International” təşkil edib.
Balaca qonaqlar üçün oyunlar, müsabiqələr, tamaşalar və müxtəlif interaktiv fəaliyyətlər daxil olmaqla zəngin əyləncə proqramı hazırlanıb.
Tədbir zamanı uşaqlara hədiyyələr verilib, onlara maraqlı və mənalı asudə vaxt keçirmək üçün imkanlar yaradılıb.
Təşəbbüsün əsas məqsədi uşaqları dəstəkləmək və Uşaqların Beynəlxalq Müdafiəsi Günündə onlar üçün canlı, bayram ab-havası yaratmaqdır.
Müxbir – Lalə Minasazova
Foto – Orxan Kərimov