Almaniyada miqrasiya balansı iki dəfəyədək azalıb
Berlin, 1 iyun, AZƏRTAC
Almaniyada miqrasiya balansı 2025-ci ildə əvvəlki illə müqayisədə 45 faiz azalaraq 235 min nəfər təşkil edib.
AZƏRTAC Almaniya Federal Statistika İdarəsinə (Destatis) istinadla xəbər verir ki, ötən il ölkəyə 1,48 milyon nəfər gəlib, 1,25 milyon nəfər isə Almaniyanı tərk edib. 2024-cü ildə bu göstəricilər müvafiq olaraq 1,69 milyon və 1,26 milyon nəfər olmuşdu. Beləliklə, ölkəyə gələnlərin sayı bir il ərzində 13 faiz azalıb, ölkədən gedənlərin sayı isə təxminən 2 faiz aşağı düşüb.
Miqrasiya balansının azalmasının əsas səbəblərindən biri Suriya, Türkiyə və Əfqanıstan kimi sığınacaq axtaranların əsas mənşə ölkələrindən gələnlərin sayının azalması olub. Suriyadan Almaniyaya miqrasiya balansı 67 faiz azalaraq 75 mindən 25 min nəfərə düşüb. Türkiyə üzrə bu göstərici 41 mindən 24 minə, Əfqanıstan üzrə isə 33 mindən 19 minə enib ki, hər iki halda azalma 41 faiz təşkil edib. Ukraynadan gələnlərin sayı da azalmaqda davam edir və 121 mindən 96 min nəfərə düşüb.
Almaniyanın Avropa İttifaqı ilə miqrasiya balansı da mənfi olaraq qalıb. Belə ki, 2025-ci ildə bu göstərici -54 min nəfər təşkil edib. Ən böyük miqrasiya kəsiri Polşa (-17 min nəfər) və Bolqarıstan (14 min nəfər) üzrə qeydə alınıb.
Rəsmi statistikaya görə, 2005-ci ildən etibarən Almaniya vətəndaşları arasında xaricə köç meyli güclənməkdədir. Ötən il Almaniya vətəndaşları arasında miqrasiya balansı üzrö mənfi saldo 97 min nəfər təşkil edib. Bu göstərici 2024-cü ildə 81 min nəfər olmuşdu. Almaniyanı tərk edən vətəndaşların ən çox üz tutduqları ölkələr İsveçrə (23 min nəfər), Avstriya (14 min nəfər) və İspaniya (10 min nəfər) olub.
Ölkə daxilində miqrasiya üzrə isə ən böyük artım (9 min) Brandenburq əyalətində müşahidə olunub. Bu göstərici Bavariya və Şlezviq-Holştayn əyalətlərində 8 min nəfər olub. Ən böyük azalma isə Berlin (-12 min), Türingen (-6 min) və Şimali Reyn-Vestfaliya (-5 min) əyalətlərində qeydə alınıb.