IRENA: Ötən il bərpaolunan enerji sahəsində rekord göstərici qeydə alınıb
Bakı, 1 iyun, AZƏRTAC
Ötən il qlobal miqyasda bərpaolunan enerji sahəsində rekord səviyyədə - 692 giqavat yeni güc istifadəyə verilib. Nəticədə, bərpaolunan enerji mənbələrinin ümumi quraşdırılmış gücdə payı 49,4 faizə çatıb.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Enerji Forumu çərçivəsində keçirilən “Nazirlər arasında dialoq: Asiyada bərpaolunan enerji mənbələrinə əsaslanan enerji keçidi” mövzusundakı panel müzakirələrdə Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera deyib.
“Burada vacib məqam ondan ibarətdir ki, bu tendensiya artıq yalnız əsas və inkişaf etmiş bazarlarla məhdudlaşmır. O, getdikcə daha çox inkişaf etməkdə olan regionlarda, o cümlədən Mərkəzi Asiyada da özünü göstərir. Mərkəzi Asiya qlobal enerji transformasiyasına artan töhfə verir və bərpaolunan enerji investisiyaları üçün mühüm bazarlardan birinə çevrilir”, - deyə o qeyd edib.
IRENA-nın Baş direktoru bildirib ki, bərpaolunan enerji sahəsində çox böyük potensial mövcuddur və region bu imkanlardan istifadə etməklə öz strateji tərəfdaşlıqlarını inkişaf etdirmək istiqamətində fəaliyyət göstərir: “Əlbəttə, məsələ enerji keçidinin baş verib-verməyəcəyi deyil. Əsas sual ondan ibarətdir ki, lazımi investisiyaları cəlb etməklə bu təşəbbüsü iqtisadi inkişafın hərəkətverici qüvvəsinə çevirmək mümkün olacaqmı? 2025-ci ildə bərpaolunan enerji mənbələri elektrik enerjisi istehsalının ən mühüm mənbələrindən birinə çevrilib. Onlar enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə də dayanıqlı və uzunmüddətli sabitliyin qorunmasında mühüm rol oynayıb”.