Rövşən Əmrahov: Ölkəmizdə çoxlu sayda gənc istedadlı ifaçı var
Bakı, 1 iyun, AZƏRTAC
“Kapellhaus” Kamera zalında “Young Virtuosos” layihəsinin premyerası baş tutub. Layihənin müəllifi və rəhbəri skripka ifaçısı və dirijor Rövşən Əmrahovdur. Təşəbbüs “Kapellhaus”un direktoru Azər Əliyevin şəxsində “Kapellhaus”un təşkilatçılığı və dəstəyi ilə həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert zamanı gənc virtuozlar Azərbaycan və xarici bəstəkarların klassik əsərlərini ifa ediblər.
“Young Virtuosos” layihəsi gənc ifaçıların dəstəklənməsinə və inkişaf etdirilməsinə, eləcə də onların potensiallarını reallaşdıra biləcəkləri peşəkar mühitin yaradılmasına yönəldilmiş yeni mədəni təşəbbüsdür.
Layihə istedadları qorumaq və inkişaf etdirmək, eləcə də gənc musiqiçilərin beynəlxalq səhnədə potensiallarını reallaşdıra biləcəkləri üçün şərait yaratmaq məqsədi daşıyır.
AZƏRTAC-a verdiyi müsahibədə R.Əmrahov bu layihənin ideyasının necə yarandığı barədə bəhs edib.
“Bu ideya gənc musiqiçilərlə uzun illər davam edən iş təcrübəsindən irəli gəlir. Aydın oldu ki, ölkəmizdə çoxlu sayda istedadlı gənc ifaçılar var, lakin çox vaxt onların sistemli yanaşma və praktik səhnə hazırlığı kifayət qədər deyil”.
“Young Virtuosos” səhnə təcrübəsini, peşəkar mühiti və gənc sənətçilərin strateji inkişaf istiqamətini birləşdirən bir platforma kimi yaradılıb”, - deyə həmsöhbətimiz qeyd edib.
Onun sözlərinə görə, layihənin gələcəkdə davamlı mədəni platforma kimi inkişaf etdirilməsi planlaşdırılır.
“Prioritet sahələr arasında müntəzəm konsert proqramları, təhsil təşəbbüslərinin genişləndirilməsi, xarici sənətçilər və müəllimlərlə əməkdaşlıq, iştirakçıların beynəlxalq musiqi müəssisələrinə qəbul üçün hazırlanması, qastrol və çıxışların təşkil edilməsi kimi istiqamətlər yer tutur”, - deyə R.Əmrahov bildirib.
Müəllif – Anara Axundova