Şamaxı Astrofizika Rəsədxanasında tələbələrin istehsalat təcrübəsi başa çatıb
Bakı, 1 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Bakı Dövlət Universitetinin Fizika fakültəsinin fizika ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsi proqramı uğurla yekunlaşıb.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, təcrübə proqramının məqsədi tələbələrin universitetdə əldə etdikləri nəzəri bilikləri praktiki fəaliyyətlə əlaqələndirmək, onların astronomiya və astrofizika sahəsində elmi-tədqiqat işləri ilə yaxından tanışlığını təmin etmək olub.
Təcrübə müddətində tələbələr rəsədxananın elmi bölmələrinin fəaliyyəti ilə tanış olub, burada həyata keçirilən fundamental və tətbiqi tədqiqatlar haqqında ətraflı məlumat əldə ediblər. Rəsədxana əməkdaşları tərəfindən keçirilən məşğələlər zamanı tələbələrə müasir astronomik müşahidə üsulları, teleskopların və elmi cihazların iş prinsipləri, astronomik məlumatların emalı və təhlili metodları barədə geniş məlumat verilib.
Praktiki dərslər çərçivəsində tələbələr rəsədxananın müşahidə bazasında istifadə olunan avadanlıqla işləmək imkanı qazanıb, astronomik müşahidələrin təşkili və aparılması prosesini yaxından izləyiblər. Bununla yanaşı, onlara Günəş sistemi obyektləri, ulduzlar, qalaktikalar və müasir astrofizikanın aktual tədqiqat istiqamətləri barədə seminarlar keçirilib.
İstehsalat təcrübəsinin sonunda tələbələrin əldə etdikləri bilik və bacarıqlar qiymətləndirilib. Tələbələr tərəfindən yerinə yetirilən tapşırıqlar və hazırlanmış hesabatlar nəzərdən keçirilib.
Təcrübə proqramını uğurla başa vuran tələbələr yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə Şamaxı Astrofizika Rəsədxanasının rəhbərliyinə və elmi kollektivə təşəkkürlərini bildirərək, bu təcrübənin onların gələcək peşə fəaliyyətində mühüm rol oynayacağını qeyd ediblər.