Avropa İttifaqı: Enerji mənbələrinin şaxələndirilməsini prioritet hesab edirik
Bakı, 1 iyun, AZƏRTAC
Avropa İttifaqı enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə enerji mənbələrinin şaxələndirilməsini və yaşıl enerji əməkdaşlığının genişləndirilməsini prioritet hesab edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunda enerji platforması və beynəlxalq əlaqələr üzrə direktor Kristina Lobillo Borrero Bakı Enerji Forumunda “Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusundakı plenar müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, Rusiya-Ukrayna münaqişəsindən sonra Avropa İttifaqı enerji təchizatı və yüksək qiymətlərlə bağlı ciddi problemlərlə üzləşib.
“Bunun nəticəsində enerji təhlükəsizliyinin təmin edilməsi və enerji keçidinin sürətləndirilməsi əsas hədəflərdən birinə çevrilib. Enerji əməkdaşlığının ikinci mühüm istiqaməti yaşıl enerji dəhlizlərinin inkişafıdır. Bu çərçivədə bərpaolunan enerji istehsalının artırılması və təmiz elektrik enerjisi ticarətinin genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, bərpaolunan enerjinin inkişafı və təmiz elektrik enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsi gələcəyin enerji sisteminin əsas elementlərindəndir”, – deyə o vurğulayıb.