Nazirlik: “Uşaqlara kiberqayğı 2” layihəsi davam edir
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Məzunlar Assosiasiyasının (KOAZ) təşəbbüsü, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) təşkilatçılığı ilə icra olunan “Uşaqlara kiberqayğı 2” qrant layihəsi davam edir. Növbəti maarifləndirici tədbir “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların virtual məkandakı təhlükələrdən qorunması, fərdi məlumatların mühafizəsi mexanizmləri, sosial platformalarda düzgün davranış və fundamental kibergigiyena vərdişləri diqqət mərkəzində olub.
Sonra uşaqları maraqlandıran suallar cavablandırılıb, iştirakçılara sertifikatlar və xüsusi hədiyyələr təqdim olunub.
Xatırladaq ki, “Uşaqlara kiberqayğı” layihəsi sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək, onları kibertəhlükəsizlik, rəqəmsal bacarıqlar və internetdən istifadə zamanı fərdi məlumatların mühafizəsi barədə maarifləndirmək məqsədi daşıyır.