Ekspert: Kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanları daha da genişləndirilməlidir
Bakı, 1 iyun, AZƏRTAC
Kənd təsərrüfatının inkişafı ilk növbədə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Daxili bazarın yerli istehsal hesabına təmini və xarici asılılığın minimuma endirilməsi strateji hədəflərdən biridir. Bu baxımdan, Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı sahəsinin aktual məsələlərinə həsr olunan müşavirədə qarşıya qoyulan tapşırıqlar aqrar sektorun inkişafına mühüm təkan olacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva söyləyib.
“Təşkilat olaraq bölgələrdə həyata keçirdiyimiz layihələr və forumlar çərçivəsində daim vurğulamışıq ki, aqrar sahədə kooperativlərin yaradılması və ailə təsərrüfatları dəstəklənməli, bu ənənə daha da gücləndirilməlidir. Torpaq resurslarından səmərəli istifadə kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına xidmət edir”, - deyə QHT sədri bildirib.
Zülfiyyə Nuriyeva bildirib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirlərdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, onların daşınması və istehlakçılara vaxtında çatdırılması məsələləri də xüsusi diqqət mərkəzində olub. Ölkəmizdə bu istiqamətin inkişafı üçün kifayət qədər resurs və potensial mövcuddur. Eyni zamanda, urbanizasiya prosesinin mənfi təsirlərinin azaldılması, kənd yerlərində iqtisadi fəaliyyət imkanlarının genişləndirilməsi və pay torpaqlarından səmərəli istifadə olunması aqrar sahənin davamlı inkişafının əsas şərtlərindən hesab olunur.
“Daxili bazarın yerli istehsal hesabına etibarlı təmin olunması ilə yanaşı, kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanları da genişləndirilməlidir. Bu gün müxtəlif sahələrdə Azərbaycan məhsulları beynəlxalq bazarlarda uğurla təmsil olunduğu kimi, aqrar məhsullar da “Made in Azerbaijan” brendi altında daha geniş coğrafiyada tanınmalı və ixrac edilməlidir. Bu, ölkənin ixrac potensialının artırılmasına, qeyri-neft sektorunun inkişafına və milli iqtisadiyyatın daha da güclənməsinə xidmət edəcək”,- deyə Z.Nuriyeva diqqətə çatdırıb.
Müxbir: Mehrac Ağasiyev