“Bədr Şirvani: yaradıcılıq prizmasından” monoqrafiyası çap olunub
Bakı, 1 iyun, AZƏRTAC
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Mehdi Kazımovun rus dilində “Bədr Şirvani: yaradıcılıq prizmasından” monoqrafiyası işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab XV əsr Azərbaycan şairi Bədr Şirvaninin həyat və yaradıcılığına həsr olunub. Nəşrdə şairin yaradıcılıq irsi hərtərəfli araşdırılır, onun müxtəlif janrlarda yazılmış şeirləri təhlil edilir. Bədr poeziyasının üslub xüsusiyyətləri də izlənir. Şairin həyatı, eləcə də yaradıcılıq irsi bilavasitə Şirvanşahlar dövlətində formalaşmış tarixi-mədəni vəziyyətlə bağlı olub. Bədrin saray şairi statusu, Şirvanşahlar dövləti daxilində və ondan kənarda etdiyi çoxsaylı səfər və səyahətlər ona dövrün tarixi hadisələrini müşahidə etmək, bəzən də istər-istəməz onların iştirakçısına çevrilmək, hadisələrin şiddətini və dramatizmini yaşamaq imkanı verirdi.
Kitabda qeyd olunur ki, Bədr orta əsrlər Azərbaycan və daha geniş desək, farsdilli ədəbiyyatın bütün janrlarında, orta əsrlərin estetik meyarlarına, ədəbi mühitin tələb və zövqlərinə əməl edərək yazıb. Eyni zamanda, onun şeirlərində tarixi konkretliyə böyük yer ayrılır. Onun qəsidələri, tərkibbəndləri, qitələri, xronoqramları, həcvləri və s. mahiyyətcə orta əsr şəhər həyatına, cəmiyyətdəki sosial münasibətlərə, şairin burada tutduğu yerə, sarayla əlaqələrinə, ədəbi əməyin haqqına və s. mövzulara toxunan sanki tarixi sənədlər idi.
Monoqrafiyada Bədr lirikasının ətraflı tədqiqi belə bir qənaətə gəlməyə imkan verir ki, şair müəyyən problemləri həll edərək şərti sərhədlərlə məhdudlaşmamış və zəruri motivləri özünə uyğun formada işləyə bilib.
Bədr yaradıcılığı XV əsr Azərbaycan ədəbiyyatı kontekstində inkişaf etmişdir. Bunu onun bədii söz sahəsində sələfləri ilə poeziyasının davamlılığına tez-tez müraciət etməsi, şeirlərinin uyğun obraz və üslub, folklor elementlərinin mövcudluğu, Azərbaycan dilində ayrı-ayrı fraqmentlərin, beytlərin, sözlərin divanına daxil edilməsi və s. əsasında mühakimə etmək olar. Onun lirikası Yaxın Şərq və Mərkəzi Asiyanın farsdilli ədəbiyyatı ilə sıx bağlı olmuş, xüsusən bu ədəbiyyatın inkişaf qanunauyğunluqları, bədii metodu, poetikası və ümumi poetik fondunun xüsusiyyətləri ilə səciyyələnmişdir.
Kitab mütəxəssislər, ali məktəblərin tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.