Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO
Bakı, 6 oktyabr, AZƏRTAC
Müasir dövrdə uşaqları rəqəmsal cihazlardan tamamilə uzaq saxlamaq mümkün deyil. Əsas məsələ onların bu vasitələrdən düzgün, məqsədyönlü və yaş xüsusiyyətlərinə uyğun istifadə etmələrinə istiqamət verməkdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında 276 nömrəli məktəbin ibtidai sinif müəllimi Mədinə İsrafilova deyib. Müəllim bildirib ki, rəqəmsal vasitələr düzgün istiqamətləndirildikdə uşaqların yalnız əyləncə deyil, həm də öyrənmə və araşdırma məqsədilə istifadə edə biləcəkləri faydalı imkanlara çevrilir. Dərslərdə müxtəlif rəqəmsal resurslardan istifadə şagirdlərin mövzuya marağını artırır və onların yeni məlumatlar əldə etməsinə şərait yaradır.
“Bu gün uşaqları qadcetlərdən uzaq saxlamaq mümkün deyil. Ona görə də əsas vəzifəmiz onları həmin vasitələrdən düzgün istifadə etməyə yönləndirməkdir. Məsələn, sinifdə şagirdlərə göstəririk ki, planşet və ya digər rəqəmsal cihazlardan ensiklopedik məlumatlar əldə etmək, müxtəlif mövzuları araşdırmaq üçün də istifadə etmək olar. Bəzən evdə telefonla oyun oynayan və ya müxtəlif videolara baxan uşağın dərsdə heyvanlar aləmi, ətraf mühit və digər mövzularla bağlı rəqəmsal materiallara böyük maraq göstərdiyinin şahidi oluruq. Rəqəmsal imkanlardan tədris prosesində müxtəlif fənlər üzrə də səmərəli istifadə etmək mümkündür. Xüsusilə riyaziyyat dərslərində alqoritmik və rəqəmsal bacarıqların inkişafına yönəlmiş yanaşmalar tətbiq olunur”,- deyə müəllim qeyd edib.
Mədinə İsrafilova sosial şəbəkələrdən istifadəyə münasibətdə isə valideynlərin üzərinə mühüm məsuliyyət düşdüyünü diqqətə çatdırıb. Bildirib ki, uşaqların erkən yaşlarda sosial şəbəkələrə çıxışının qarşısının alınması və onların qarşılaşdıqları məzmuna nəzarət edilməsi vacibdir: “Uşaqların sosial şəbəkələrdə gördükləri məzmun onların dünyagörüşünə və özlərini qavramasına təsir göstərə bilər. Orada çox vaxt real həyatı əks etdirməyən görüntülər təqdim olunur. Uşaq isə gördüklərini öz həyatı ilə müqayisə etməyə başlayır. Buna görə də xüsusilə erkən yaşlarda uşaqların sosial şəbəkələrdən istifadəsinə ailə tərəfindən ciddi nəzarət edilməlidir. Uşaqlar üçün rəqəmsal cihazların istifadəsinə tam qadağa qoyulması deyil, onlardan düzgün yararlanma vərdişinin formalaşdırılması daha məqsədəuyğundur. Bu zaman uşağın yaşı, ekran qarşısında keçirdiyi müddət və istifadə etdiyi məzmun nəzərə alınmalıdır”.
İbtidai sinif müəllimi qeyd edib ki, məktəb və ailənin birgə yanaşması uşaqların rəqəmsal imkanlardan daha səmərəli istifadəsinə kömək edə bilər. Texnologiyanın düzgün istiqamətləndirilməsi şagirdlərin həm rəqəmsal bacarıqlarının inkişafına, həm də təhsil prosesinə marağının artırılmasına şərait yaradır.