WUF13 UNEC-də yeni akademik istiqamətlərin formalaşmasına təkan verib
Bakı, 1 iyul, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni akademik və elmi istiqamətlərin inkişafına mühüm təsir göstərib. Forum çərçivəsində müzakirə olunan ağıllı şəhərlər, rəqəmsal urbanizasiya, yaşıl iqtisadiyyat, dayanıqlı maliyyə və şəhər idarəçiliyində innovativ yanaşmalar kimi mövzular universitetin tədris və tədqiqat gündəliyində yeni prioritetlərin müəyyənləşdirilməsinə təkan verib.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, forum qlobal şəhərsalma çağırışları və dayanıqlı inkişaf məqsədləri ilə bağlı müzakirələrin genişlənməsinə, eyni zamanda, universitetin beynəlxalq əməkdaşlıq imkanlarının geni.lənməsinə şərait yaradıb. WUF13-də əldə olunan təcrübə şəhər iqtisadiyyatı, rəqəmsal transformasiya və ekoloji dayanıqlılıq sahələrində yeni elmi araşdırmaların aparılması üçün əlverişli zəmin formalaşdırıb.
Mütəxəssislərin fikrincə, dünyada sürətlə genişlənən urbanizasiya prosesləri iqtisadçıların, idarəetmə mütəxəssislərinin və şəhər planlaşdırıcılarının yeni kompetensiyalara yiyələnməsini zəruri edir. Bu baxımdan, WUF13-də müzakirə olunan mövzular UNEC-də tədris proqramlarının müasir tələblərə uyğun yenilənməsini aktuallaşdırıb. Ekspertlər hesab edirlər ki, şəhərlərin rəqəmsallaşması, süni intellektəsaslı idarəetmə sistemləri və yaşıl maliyyə alətlərinin tətbiqi yaxın illərdə əmək bazarında yeni ixtisaslara tələbat yaradacaq.
Forumun nəticələri UNEC-də yeni tədris və tədqiqat istiqamətlərinin yaranması üçün də zəmin formalaşdırıb. Mütəxəssislərin qiymətləndirmələrinə əsasən, gələcəkdə universitetdə “Ağıllı şəhər iqtisadiyyatı”, “Urban analitika”, “Dayanıqlı maliyyə”, “Rəqəmsal şəhər idarəetməsi”, “Şəhər məlumat sistemləri” və “Yaşıl inkişaf strategiyaları” kimi sahələr üzrə yeni proqramların və elmi araşdırmaların həyata keçirilməsi üçün geniş imkanlar yaranıb. Eyni zamanda, bu istiqamətlər UNEC-in beynəlxalq elmi şəbəkələrə inteqrasiyasını daha da gücləndirəcək.