Beynəlxalq konfransda Orta Dəhlizin strateji əhəmiyyəti vurğulanıb
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Yunanıstanın Patras şəhərində Balkan və Qara dəniz regionlarının nəqliyyat bağlantılarına həsr edilən beynəlxalq konfransda təmsil olunub. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) nəzdində fəaliyyət göstərən Beynəlxalq Nəqliyyat Forumunun (BNF) analitiki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin BNF-yə ezam olunan nümayəndəsi Əliş İsmayılov konfrans çərçivəsində keçirilən sessiyada çıxış edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, çıxışı zamanı Əliş İsmayılov son illərdə qlobal təchizat zəncirləri ciddi sınaqlarla üzləşdiyini, Avropa ilə Asiya arasında alternativ və dayanıqlı nəqliyyat marşrutlarının əhəmiyyətinin daha da artdığını vurğulayıb. “Bu kontekstdə Orta Dəhliz Avropa və Asiyanı birləşdirən strateji, iqtisadi cəhətdən səmərəli və dayanıqlı bağlantı xətti kimi formalaşır”, - deyə o bildirib.
Həmçinin vurğulanıb ki, beynəlxalq bağlantıların gücləndirilməsi Azərbaycanın BNF-yə 2025-2026-cı illərdə həyata keçirdiyi sədrliyin prioritetlərindən olub. Orta Dəhlizlə bağlı mövzu təşkilatın gündəliyində xüsusi yer tutub və gələcəkdə də bu istiqamətdə müzakirələrin davam etdirilməsi gözlənilir.
Çıxış zamanı OECD və BNF-nin hazırladığı “Orta Dəhlizin potensialının reallaşdırılması” hesabatına da istinad olunub. Hesabatda regional iqtisadi inteqrasiyanın gücləndirilməsi, sərhəd və tranzit prosedurlarının sadələşdirilməsi, liman və dəmir yolu infrastrukturuna investisiyaların artırılması, eləcə də dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi prioritetlər kimi müəyyən edilir.
Sonda BNF-nin 2026-2027-ci illər üzrə İş Proqramında yükdaşımaların səmərəliliyi və rəqəmsallaşdırılması mövzusunda yeni tədqiqatların nəzərdə tutulduğu bildirilərək üzv dövlətlər və tərəfdaş təşkilatlar əməkdaşlığa dəvət olunub.