BSU Çinin Hucou Pedaqoji Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Bakı, 1 iyun, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Cıcian əyalətində yerləşən Hucou Pedaqoji Universitetində olub.
BSU-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı tərəflər arasında ali təhsil, elmi-tədqiqat, akademik mübadilə və digər istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib. Müzakirələrin yekununda Bakı Slavyan Universiteti ilə Hucou Pedaqoji Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb. İmzalanan müqavilə iki ali təhsil müəssisəsi arasında tərəfdaşlıq əlaqələrinin inkişafına, birgə layihələrin həyata keçirilməsinə və akademik əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.