Pərviz Şahbazov: APRECA təşəbbüsü bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir
Bakı, 1 iyun, AZƏRTAC
Beynəlxalq Bərpaolunan Enerji Agentliyi (IRENA) tərəfindən irəli sürülmüş APRECA (Mərkəzi Asiya üçün Bərpaolunan Enerjidə Sürətləndirilmiş Tərəfdaşlıq proqramı) təşəbbüsü Mərkəzi Asiya ilə qonşu regionlar arasında bərpaolunan enerji və kritik minerallar sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Baku Enerji Forumu çərçivəsində “Nazirlər arasında dialoq: Asiyada bərpaolunan enerji mənbələrinə əsaslanan enerji keçidi” mövzusundakı panel müzakirələrdəki çıxışında deyib.
“Bu təşəbbüs enerji keçidinin sürətləndirilməsi və enerji təchizatının təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır” , - deyə nazir vurğulayıb.
O qeyd edib ki, bu gün qlobal enerji sistemi dərin və sürətli transformasiya dövründən keçir: “Enerji təhlükəsizliyi, iqlim hədəfləri və iqtisadi inkişaf prioritetləri artıq bir-biri ilə sıx şəkildə əlaqələnib. Bu şəraitdə enerji keçidi təkcə ekoloji məsələ deyil, həm də iqtisadi rəqabət qabiliyyətinin, texnoloji tərəqqinin və milli təhlükəsizliyin əsas elementlərindən birinə çevrilib”.