“TotalEnergies” “Abşeron” yatağında yeni həllərin tətbiqini planlaşdırır
Bakı, 1 iyun, AZƏRTAC
“TotalEnergies” “Abşeron” yatağında enerji təchizatının tam inkişaf mərhələsi ilə bağlı yeni həllərin tətbiqini planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə "TotalEnergies" şirkətinin bərpaolunan enerji üzrə baş biznes inkişafı mütəxəssisi Çingiz Orucov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum” çərçivəsində təşkil olunan “Upstrem əməliyyatlarında emissiyaların azaldılması: praktik yanaşmalar - metan emissiyasının azaldılması, elektrikləşdirmə və dərhal təsir göstərən əməliyyat səmərəliliyinin artırılması" mövzusunda panel müzakirəsində bildirib.
O qeyd edib ki, neft-qaz aktivlərinin enerji təminatı, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi emissiyaların azaldılması və xərclərin optimallaşdırılması baxımından yüksək səmərə verir: “Bərpaolunan enerji mənbələri ilə elektrik təchizatı Azərbaycan üçün real və perspektivli istiqamətdir. Çünki ölkədə bir sıra yaşıl enerji layihələri enerji şəbəkəsinə inteqrasiya olunur”.