Baş direktor: IRENA Mərkəzi Asiyada bərpaolunan enerji layihələrini dəstəkləyir
Bakı, 1 iyun, AZƏRTAC
Mərkəzi Asiyada bərpaolunan enerji layihələrinin inkişafı və investisiya hazırlığının gücləndirilməsi regional əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera Bakı Enerji Forumunda “Nazirlər arasında Dialoq: Mərkəzi Asiyada bərpaolunan enerji mənbələrinə əsaslanan enerji keçidi” mövzusundakı plenar müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, hazırda əsas diqqət layihələrin sadəcə uyğunlaşdırılmasına deyil, onların investisiya üçün tam hazır vəziyyətə gətirilməsinə yönəldilir.
“Bu yanaşma investorların cəlb edilməsini asanlaşdırır və layihələrin maliyyələşdirilmə imkanlarını artırır. IRENA-nın əsas prioritetləri regionda yeni bərpaolunan enerji layihələrinin dəstəklənməsi, investisiya axınının sabitləşdirilməsi, texniki yardımın artırılması, layihə keyfiyyətinin yüksəldilməsi, regional əlaqələndirmənin genişləndirilməsi və investorların layihə tərtibatçıları ilə daha sıx əlaqələndirilməsidir”,- deyə o bildirib.
O əlavə edib ki, əsas məqsəd enerji təhlükəsizliyi, iqtisadi dayanıqlılıq və davamlı inkişafı təmin etmək üçün bərpaolunan enerji potensialını real iqtisadi imkanlara çevirməkdir.