Azərbaycan beynəlxalq şəhərsalma təcrübəsinə inteqrasiya edir - alimdən şərh
Bakı, 1 iyun, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsi sosial baxımdan böyük əhəmiyyət daşıyır. Urbanizasiya əhalinin həyat keyfiyyətinə birbaşa təsir göstərir. Müasir şəhərsalma insanların rahat yaşayışı üçün nəqliyyat, səhiyyə, təhsil, rekreasiya və kommunal xidmətlərin əlçatanlığını artırır. İnklüziv şəhər modeli sosial bərabərliyi gücləndirir və şəhər məkanlarının bütün sosial qruplar üçün əlverişli olmasını təmin edir.
Bu fikirləri AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Geosiyasət və iqtisadi coğrafiya laboratoriyasının müdiri coğrafiya elmləri doktoru, dosent Nəriman Paşayev bildirib. Onun sözlərinə görə, Azərbaycanda urbanizasiya siyasətinin əsas məqsədlərindən biri yaşayış mühitinin funksional və təhlükəsiz şəkildə təşkili, şəhərlərdə insan rifahının yüksəldilməsi və sosial infrastrukturun modernləşdirilməsidir.
N.Paşayev qeyd edib ki, müasir urbanizasiya modellərində “yaşıl şəhər” konsepsiyası əsas yer tutur. Bu model atmosfer çirklənməsinin azaldılması, alternativ enerji mənbələrindən istifadə, yaşıllıq zonalarının genişləndirilməsi və tullantıların səmərəli idarə olunmasını nəzərdə tutur. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirdiyi “yaşıl enerji zonası” siyasəti də məhz bu məqsədlərə xidmət edir. Yeni şəhər və kənd layihələrində günəş və külək enerjisindən istifadə, enerji effektiv tikinti texnologiyaları və ekoloji nəqliyyat sistemlərinin tətbiqi davamlı şəhərsalmanın əsas nümunələrindəndir.
N.Paşayev vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işləri ölkənin urbanizasiya siyasətində yeni mərhələnin başlanğıcı hesab edilir. Burada məqsəd yalnız dağıdılmış infrastrukturun bərpası deyil, həm də müasir və davamlı yaşayış mühitinin formalaşdırılmasıdır. Bu baxımdan “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri Azərbaycanın beynəlxalq şəhərsalma təcrübəsinə inteqrasiyasını nümayiş etdirir.
Alim diqqətə çatdırıb ki, Şuşa şəhərində aparılan bərpa işləri tarixi-mədəni irsin qorunması ilə müasir urbanizasiya prinsiplərinin sintezini əks etdirir. Ağdam şəhərinin yeni Baş planı ekoloji təhlükəsizlik, yaşıl nəqliyyat və rəqəmsal idarəetmə prinsiplərinə əsaslanır. Ağalı kəndi isə “ağıllı kənd” modelinin ilk nümunəsi kimi beynəlxalq aləmdə diqqəti cəlb edib.
N.Paşayev əlavə edib ki, bu layihələr Azərbaycanın davamlı şəhərsalma və müasir urbanizasiya istiqamətində həyata keçirdiyi siyasətin uğurlu nəticələrini nümayiş etdirir.