Təhsil müəssisələrində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
Bakı, 1 iyun, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi barədə şagirdlərə geniş məlumat verilib, ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan, onların sağlam mühitdə böyüməsi, tərbiyə alması üçün həyata keçirilən işlərdən danışılıb. Azərbaycanda uşaqların xoşbəxt böyümələri, sosial problemlərinin həlli, uşaq hüquqlarının etibarlı təminatı baxımından bütün addımlar atıldığı şagirdlərin diqqətinə çatdırılıb. Çıxış edənlər Azərbaycanda uşaq hüquqlarının qorunması, onların sosial müdafiəsi istiqamətində həyata keçirilən dövlət proqramları və layihələrdən bəhs edib, uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün yaradılan şəraitdən söz açıblar.
Tədbirlərdə şagirdlər Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.