ESCAP: Mərkəzi Asiya regionu qlobal enerji keçidi üçün böyük potensiala malikdir
Bakı, 1 iyun, AZƏRTAC
Mərkəzi Asiya regionu qlobal enerji keçidi üçün böyük potensiala malikdir və bu potensialın reallaşdırılması üçün ciddi investisiyalara ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT Baş katibinin müavini və ESCAP-ın İcraçı katibi Armida Salsiah Alisjahbana Bakı Enerji Forumunda “Nazirlər arasında dialoq: Mərkəzi Asiyada bərpaolunan enerji mənbələrinə əsaslanan enerji keçidi” mövzusundakı plenar müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, region Günəş, külək, hidro və biomassa daxil olmaqla zəngin bərpaolunan enerji resurslarına malikdir və strateji coğrafi mövqeyi ilə seçilir.
“Bu potensialın maliyyələşdirilməsi həm iqtisadi artımın davamlılığı, həm də iqlim risklərinin azaldılması və dayanıqlılığın gücləndirilməsi baxımından vacibdir. Enerji keçidinin sürətləndirilməsi üçün bərpaolunan enerjinin genişləndirilməsi, yaşıl infrastrukturun modernləşdirilməsi və özəl sektorun prosesə cəlb olunması üçün əlverişli siyasət mühitinin yaradılması əsas şərtlərdəndir”,- deyə o bildirib.
O əlavə edib ki, ölkələr innovativ maliyyələşdirmə mexanizmləri tətbiq etməli, investor etimadını gücləndirməli və banklar tərəfindən maliyyələşdirilə bilən layihələrin hazırlanması üçün milli potensialı artırmalıdır.