Niyazinin mənzil-muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı
Bakı, 30 may, AZƏRTAC
Mayın 30-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində “Lya Minorka” dərnəyi ilə birgə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib.
Niyazinin mənzil-muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə mənzil-muzeyin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov uşaqları bayram münasibətilə təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Daha sonra muzeyin şöbə müdiri Əzirə Abdullayeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi və əhəmiyyətindən bəhs edib, uşaqların hüquqlarının qorunmasının cəmiyyətin əsas vəzifələrindən biri olduğunu vurğulayıb.
Konsert proqramında “Lya Minorka” dərnəyinin istedadlı şagirdləri çıxış ediblər.
Tədbirin sonunda dərnəyin rəhbəri Nailə İsmayılova şagirdlərə hədiyyələr, sertifikatlar, medallar təqdim edib.
Dərnəyin şagirdləri, həmçinin Niyazinin mənzil-muzeyi ilə tanış olublar.