Strasburqda Müstəqillik Günü münasibətilə ziyafət təşkil olunub
Strasburq, 29 may, AZƏRTAC
Strasburqda Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Avropa Şurasının rəsmiləri, diplomatik korpus və habelə yerli ictimaiyyətin nümayəndlərinin qatıldığı tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov 108-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətin yaradılmasının xalqımızın tarixi yaddaşında buraxdığı dərin iz barədə söz açıb. O, cümhuriyyətin mövcud olduğu 23 ay ərzində əldə etdiyi nailiyyətləri xatırladıb. Azərbaycan Xalq Cümhuriyyətin varisi olan Azərbaycan Respublikasının 108 il sonra müasir, çoxkonfesiyalı və multikultural bir dövlət olaraq inkişaf etməkdə olduğu və gələcəyə inamla baxdığını bəyan edib.
Səfir F.İsmayilov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanın artıq əsas məramının sülh içində yaşamaq, müharibədən zərər çəkmiş bölgələrini yenidən qurmaq, xalqımızın rifahı üçün çalışmaq, habelə qonşuları və dünyanın müxtəlif bölgələrində yerləşən ölkələrlə əməkdaşlıq etməkdən ibarət olduğunu bildirib.
Ziyafətdə Avropa Şurası adından çıxış edən təşkilatın Baş katibinin müavini Byorn Berqe 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına öz təbriklərini çatdırıb. O, Azərbaycan Xalq Cümhuriyyətin müsəlman Şərqində ilk dünyəvi parlament respublikası qurduğunu bildirib və bir çoxlarından əvvəl qadınlara səsvermə hüququnu tanıdığını ayrıca olaraq vurğulayıb. Baş katibin müavini ötən dövr ərzində aparılan əməkdaşlığa toxunub və eləcə də Azərbaycanın təşkilatın işinə verdiyi töhfələrə istinad edib.
Ziyafət çərçivəsində istedadlı azərbaycanlı pianoçu, Paris Korto Konservatoriyasının məzunu, beynəlxalq müsabiqələr laureatı Eldəniz Ələkbərzadə tərəfindən Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı təqdim olunub.
Həmçinin tədbir boyu qonaqlara ölkəmizin füsunkar guşələri və tarixi məkanlarını əks etdirən videogörüntülər nümayiş etdirilib.