Akademik Musiqili Teatrın uşaqlara bayram töhfəsi: “Balaca şahzadə”
Bakı, 31 may, AZƏRTAC
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə”əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan səhnə əsəri əyləncəli olmaqla yanaşı, dərin məna kəsb edir.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, səhnələşdirəni yazıçı-publisist İlqar Fəhmi, bəstəkarı Ruslan Ağababayev, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi Sergey Qritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, bərpaçı rejissoru Sevinc Məmmədova, bərpaçı xoreoqrafı Məhəmməd Abdullayev, rejissor assistenti isə Çimnaz Bağırovadır.
Səhnə əsərində teatrın aktyorları – Faiq Mirzəyev (Kral), Əmrah Dadaşov (Pilot), Hüseyn Əlili (Aydın), Rauf Babayev (Kommersant), Ruslan Mürsəlov (Tülkü), Zaur Əliyev (Dərviş), Nuray Məmmədzadə (Qızılgül), Murad Əliyev (Şoumen), həmçinin balet artistləri iştirak edəcəklər. Balaca şahzadə obrazını isə 44 günlük Vətən müharibəsi şəhidi Telman Kəlbiyevin övladı Elcan Kəlbiyev canlandıracaq.
Əsər 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın dəstəyi ilə səhnəyə qoyulub.