SİYASƏT
Nigar Arpadarai: Türkiyə Qara dənizdən unikal geniş bir məkanda demokratiyanın bayraqdarı kimi son dərəcə mühüm rol oynayıb
Strasburq, 12 oktyabr, AZƏRTAC
Türkiyə Qara dənizdən Şərqi Aralıq dənizinə, Cənubi Qafqaza və Orta Asiyaya qədər uzanan unikal geniş bir məkanda demokratiyanın bayraqdarı kimi son dərəcə mühüm rol oynayıb və oynamaqda davam edir. Bu ölkə mükəmməl yerli idarəetmə və məhkəmə sisteminə malikdir. Geniş siyasi spektrdə fəaliyyət göstərən plüralist cəmiyyətdir. Bütün bunları Türkiyənin yerləşdiyi bölgədə qoruyub-saxlamaq heç də asan deyil.
Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Nigar Arpadarai qurumun payız sessiyasında “Türkiyənin Avropa Şurasına üzvlükdən irəli gələn öhdəliklərinə riayət etməsi”nə dair məruzənin müzakirələri zamanı çıxışında söyləyib. Bildirib ki, Türkiyə Avropaya əlavə dəyərlər gətirib və Avropanı daha güclü edir. Bu günlər hər kəs Türkiyənin Ukrayna-Rusiya münaqişəsindəki rolunun şahididir. Türkiyə vasitəçiliyi ilə humanitar dəhlizlərin açılması, ukraynalı əsirlərin azadlığa çıxması və Ukrayna taxılının təhlükəsiz ixracına imkan yaradıb.
“Bunu gündəmə gətirməyimin səbəbi odur ki, Türkiyə ənənəvi olaraq bu zalda qeyri-mütənasib tənqidlərlə üzləşir. Avropa Şurasının istənilən üzvü arabir müxtəlif tənqid obyektinə çevrilə bilər. Lakin Avropa Şurası mədəni və ya dini qərəzlilik meydanı olmamalıdır. O, ümumi Avropa məkanının qurulması üçün platforma rolunu oynamalıdır”,- deyə N.Arpadarai vurğulayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris