Nihal Saad: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ən mühüm qlobal platformalardan biridir VİDEO
Bakı, 26 oktyabr, AZƏRTAC
BMT sistemi daxilində mədəniyyətlərarası və dinlərarası dialoqa rəhbərlik edən əsas qurumlardan biri kimi, BMT-nin Sivilizasiyalar Alyansı qlobal platforma yaratmaq istiqamətində yorulmadan çalışır. Biz son 20 il ərzində beynəlxalq nüfuz qazanmış şəbəkələrimiz vasitəsilə dövlət və qeyri-dövlət aktotlarını bir araya gətiririk.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saad Bakıda oktyabrın 27–29-da keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında deyib.
Nihal Saad bildirib ki, bu fəaliyyət dialoqun münaqişələrin qarşısının alınması, sülhquruculuğu və sosial həmrəylik üçün vacib vasitə olduğuna dair dərin inamdan qaynaqlanır: “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu məqsədləri irəliyə aparmaq üçün ən mühüm qlobal platformalardan biridir. Yeddinci forumda da Azərbaycanla sıx tərəfdaşlığı davam etdirməkdən qürur duyuruq”.