NORVEÇDƏ AZƏRBAYCANLA BAĞLI«ODLAR DIYARI» ADLI SƏRGİ AÇILMIŞDIR
Açiliş mərasimində iştirak etmiş Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva AZƏRTAC-ın xüsusi müxbirinə demişdir ki, sərgi nazirliyin və Norveçin Bakıdakı səfirliyinin təşəbbüsü ilə açılmışdır. Mərasimdə bu ölkənin mədəniyyət nazirinin müavini, «Faton» şirkətinin vitse-prezidenti, Stavanqir şəhərinin meri və digər rəsmi şəxslər iştirak edirdilər. Natiqlər Azərbaycanın qədim tarixindən, zəngin mədəni irsindən, musiqisindən söhbət açdılar, iki ölkə arasında dostluq əlaqlərinin inkişafından danışdılar. Yeddi norveçli qız dahi Azərbaycan şairi Nizami Gəncəvinin «Yeddi gözəl» əsərindən parçaları Azərbaycan dilində söylədilər. Dünya şöhrətli müğənni Alim Qasımovun ifasında kompakt diskə yazılmış muğam səsləndirildi.
Sərgidə Azərbaycanın qədimliyini əks etdirən tarixi əşyalar, gözəl sənətkarlıq nümunələri- qədim xalçalar, mis və keramikadan hazırlanmış qablar, başqa eksponatlar nümayiş etdirilir.Tamaşaçılar sərgiyə böyük maraq göstərirlər.
Tədbirin ikinci günü şəhərin ən böyük konsert salonlarının birində Almaniyada yaşayan həmyerlimiz bəstəkar Firəngiz Əlizadənin konserti olmuşdur.Konsert müvəffəqiyyətlə keçmişdir.
Sərgi ilə bağlı afişalarda Azərbaycana dair müfəssəl məlumatlar verilmişdir.
Sərgi 2007-ci ilin aprel ayına qədər davam edəcəkdir.