Növbəti hərracda 6 nəqliyyat vasitəsi satılıb
Bakı, 3 iyul, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac təşkil edilib. Hərracda 6 nəqliyyat vasitəsi satılıb.
AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, nəqliyyat vasitələri üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, ilkin qiyməti 12 min manat olan “Honda Accord” markalı avtomobil 15 min 520 manata satılıb.
Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə https://clck.ru/3BfL9T linki vasitəsilə tanış olmaq mümkündür.
Növbəti hərraclar iyulun 23-ü və 30-da keçiriləcək. Hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 34 nəqliyyat vasitəsi və müxtəlif növ avadanlıqlar çıxarılacaq.
İyulun 23-də keçiriləcək hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, xidmət sahələrinə aiddir. Səhmdar cəmiyyətlərinin 30-44 faizlik səhm paketi özəlləşdirilməyə çıxarılıb. Hərraca çıxarılan nəqliyyat vasitələrinin markaları müxtəlifdir. Onların sırasında gəmi də var. İlkin qiyməti 900 min manat olan "B-98" layihəli "Vixr" tipli gəmi alıcılara təklif olunur. Hərraca çıxarılan avtomobillərin istehsal tarixi 1993-2019-cu illər arasında dəyişir.
Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3BfQrn linki vasitəsilə tanış olmaq mümkündür.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından və ya Özəlləşdirmə portalından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilərlər. Elektron Xidmətlər Portalında qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.