“NTD” komandası kişi basketbolçular arasında Azərbaycan çempionatının qalibi olub
Bakı, 10 aprel, AZƏRTAC
“NTD” komandası kişi basketbolçular arasında Azərbaycan çempionatının qalibi olub.
AZƏRTAC xəbər verir ki, “The Club Port Baku”da Tahir Baxşiyevin yetirmələri final mərhələsinin ikinci oyununda da “80-lər” komandası üzərində qələbə qazanıblar. İlk qarşılaşmada 66:57 hesabı ilə rəqibini məğlub edən “NTD” bu dəfə 90:82 hesabı ilə qalib gəlib.
Çempionatın bürünc medallarına isə “Dərviş” klubu yiyələnib. Komanda rəqibi “Marşall”dan 91:59 hesabı ilə üstün olub.
Azərbaycan Basketbol Federasiyası çempionatın final mərhələsinin müxtəlif kateqoriyalar üzrə fərqlənən oyunçularını müəyyənləşdirib. Çempionatın ən yaxşı oyunçusu Polad Həsənov (“NTD”), ən yaxşı hücumçusu Fuad Niftəliyev (“Dərviş”), ən yaxşı müdafiəçisi Roman Matyuşenko (“80-lər”), ən perspektivli oyunçusu Cəbrayıl Əkbərov (“NTD”) seçilib.