OĞUZDA “HEYDƏR ƏLİYEV İRSİ VƏ AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Oğuzda ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev irsi və Azərbaycan dövlətçiliyi” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Tədbirdən əvvəl rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri ümummilli liderimizin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək düzmüşlər.
Konfransda bildirilmişdir ki, bütün həyatını Azərbaycan xalqının tərəqqisinə, yüksəlişinə və inkişafına həsr etmiş ümummilli lider, türk dünyasının böyük oğlu, dünya miqyaslı siyasətçi Heydər Əliyevin 85 illik yubileyi respublikamızın hər bir guşəsində, eləcə də onun hüdudlarından kənarda böyük təntənə ilə qeyd edilir.
Natiqlər məruzələrində xüsusi vurğulamışlar ki, Heydər Əliyev Azərbaycan xalqının görkəmli övladı kimi bəşəriyyətin tanıdığı simaya çevrilmişdir. Özünün bilik və bacarığı, kamil şəxsiyyəti, intellekti, xüsusi təşkilatçılıq və idarəetmə qabiliyyəti, dövlətinə və millətinə bağlılığı ilə ümummilli lider səviyyəsinə yüksəlmişdir.
Qeyd olunmuşdur ki, bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasətçi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycanın tarixində dərin iz buraxaraq, əsl dövlətçilik idarəçiliyi məktəbinə çevrilmişdir. Xalqımızın bu günü və gələcəyi naminə gördüyü nəhəng işlər Heydər Əliyevə tariximizin yaddaşına əbədi həkk olunmaq hüququ, doğma xalqının qəlbində əbədi yaşamaq səadəti qazandırmışdır.
Konfransda “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası”, “Azərbaycan xalqının tərəqqisində Heydər Əliyevin rolu”, “Heydər Əliyev irsi öyrənilir”, “Heydər Əliyev və müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafı”, “Heydər Əliyev və təhsilin inkişafı”, “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında məruzələr də dinlənilmişdir.
Sonra ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş respublika turnirlərində uğur qazanmış idmançılara, məktəblilər arasında keçirilmiş “Heydər Əliyev və müstəqil Azərbaycan” inşa yazı müsabiqəsinin qaliblərinə rayon icra hakimiyyətinin qiymətli hədiyyələri təqdim edilmişdir.
Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri verilmişdir.
Konfransın sonunda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.