OĞUZDA MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLMİŞDİR
Müasir Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunmuş 15 iyun - Milli Qurtuluş günü respublikanın hər yerində olduğu kimi, Oğuz rayonunda da müxtəlif bayram tədbirləri ilə qeyd olunmuşdur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 13-də icra hakimiyyətinin akt zalında Milli Qurtuluş gününə həsr olunmuş “Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının xilaskarıdır” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək, ümummilli liderimizin abidəsinin önünə gül-çiçək düzmüşlər.
Konfransı giriş sözü ilə açan Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynov bildirmişdir ki, 1993-cü il iyunun 15-i Azərbaycanın müstəqil dövlət kimi tərəqqisinin başlanğıc günü kimi tariximizə qızıl hərflərlə əbədi həkk olunmuşdur. 15 il əvvəl Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev ömrünün qalan hissəsini də dövlətçiliyimizin qorunması və möhkəmlənməsinə həsr etmiş, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etmişdir. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan səriştəsiz rəhbərlərin şəxsi ambisiyaları ucbatından ölkədə xaos, böhran və özbaşınalığın yarandığını, Azərbaycanın parçalanmaq təhlükəsi ilə üzləşdiyini xatırladan icra başçısı belə bir məqamda xalqın təkidi ilə Bakıya gələn Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizin yenidən itirilməsi təhlükəsinə birdəfəlik son qoyulduğunu xüsusi vurğulamışdır.
Konfransda Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov “Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının xilaskarıdır” mövzusunda məruzə etmişdir. Məruzə və çıxışlarda ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr geniş təhlil olunmuş, müstəqil dövlətçiliyimizin yaranması və möhkəmlənməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri önə çəkilmişdir. Çıxışlarda xüsusi vurğulanmışdır ki, məhz ulu öndərimizin müdrik siyasəti və məqsədyönlü fəaliyyəti nəticəsində müstəqil Azərbaycan Respublikası XXI əsrə siyasi cəhətdən sabit, iqtisadi cəhətdən sürətlə inkişaf etməkdə olan bir ölkə kimi qədəm qoymuşdur.
Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.