Oğuzda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir təşkil olunub
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Oğuz rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim keçirilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, Oğuzda məktəblilərin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları təşkil edilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının iştirakı ilə keçirilən təlimdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı təbliğat materialları gənclərə təqdim edilib.