Oğuzda Ulu Öndərə həsr olunan voleybol birinciliyində 10 komanda mübarizə aparır
Oğuz, 4 may, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş böyüklər arasında voleybol üzrə rayon birinciliyi davam edir. Oğuz Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı, “Rövşən Oğuz” şirkətinin sponsorluğu ilə keçirilən birincilikdə 10 komanda mübarizə aparır.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ənənəvi olaraq keçirilən birinciliyin əsas məqsədi Ulu Öndərin əziz xatirəsini anmaq, dahi şəxsiyyətin müasir Azərbaycanın inkişafı naminə gördüyü işləri, idmana göstərdiyi diqqət və qayğını ictimaiyyətə çatdırmaq, eyni zamanda, rayonda voleybol idman növünün kütləviliyinə, yarış iştirakçılarının idman ustalıqlarının artırılmasına nail olmaqdır.
Komandalar dairəvi sistem üzrə iki qrupda mübarizə aparırlar. Yarışlarda üç tur arxada qalıb. Final oyunu mayın 10-da, Ulu Öndərin doğum günündə keçiriləcək. Qalib komandalar mükafatlandırılacaqlar.