İDMAN
Oleq Omelçuk: Azərbaycan növbəti dəfə dünyaya sübut etdi ki, idman yarışlarını ən yüksək səviyyədə keçirə bilər
Bakı, 22 iyun, Əziz Məmmədov, AZƏRTAC
Şübhəsiz ki, birinci Avropa Oyunlarının mükafatçıları sırasına düşməməyim təəssüf doğurur. Bir çox idmançının həyatında belə məqam, yəni dördüncü yeri tutması halı olub. Lakin bu idmandır və həyat davam edir.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində ilk Avropa Oyunlarında kişilər arasında 50 metr məsafədə pnevmatik tapançadan atəş üzrə yarışın iştirakçısı, Ukrayna idmançısı Oleq Omelçuk deyib.
Ukrayna atleti Bakıya gəlişi və ilk Avropa Oyunlarının təşkili ilə bağlı təəssüratlarını da bölüşüb. “Bilirəm ki, Bakını sevdiyini etiraf edən ilk adam deyiləm. Azərbaycanlılar çox səmimi və mehriban insanlardır. Oyunların açılış mərasimində komandamızın hərarətlə qarşılanmasını görmək çox xoş idi. Ölkələrimizi çoxillik sıx dostluq əlaqələri birləşdirir və azərbaycanlılar arasında çoxlu dostlarım var. “Bakı-2015”in təşkili səviyyəsini qeyd etməyə bilmərəm. Azərbaycan növbəti dəfə dünyaya sübut etdi ki, idman yarışlarını ən yüksək səviyyədə keçirə bilər”, - deyə Oleq Omelçuk qeyd edib.