REGİONLAR
Olimpiya çempionu Naxçıvanda keçirilən cüdo seminarında iştirak edib
Naxçıvan, 5 mart, AZƏRTAC
Muxtar respublikada təcrübəli idman mütəxəssislərinin iştirakı ilə seminar, kurs və ustad dərslərinin davamlı təşkili diqqət mərkəzində saxlanır. Görülən işlərin davamı olaraq, Azərbaycan Cüdo Federasiyasının (ACF), muxtar respublikanın Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və Naxçıvan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində cüdo seminarı keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, gənclər və idman naziri Ramil Hacı və ACF-nin vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli seminarın gedişatını izləyib, bu sahənin inkişafı və perspektivləri barədə məsləhətləşmələr aparıblar.
Elnur Məmmədli seminar iştirakçılarını salamlayaraq ilk dəfə Naxçıvanda olmaqdan böyük məmnunluq hissi keçirdiyini deyib, şəhərin özü və idman infrastrukturunun xoş təəssürat bəxş etdiyini ifadə edib. Olimpiya çempionu qeyd edib ki, muxtar respublikada güclü idmançılar yetişib və bu gün onlar beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər. O, əminliyini bildirib ki, yeni nəsil sıralarından da böyük idmançılar formalaşacaq və bizi öz uğurları ilə qürurlandıracaqlar.
Seminarda ACF-nin Hakimlər Kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin başçılıq etdiyi hakimlər heyəti tərəfindən iştirakçılara Beynəlxalq Cüdo Federasiyasının tərtib etdiyi yeni qaydalar və dəyişikliklər barədə məlumat verilib, müvafiq vəziyyətlər tatamidə praktik şəkildə izah olunub.
Qeyd edək ki, seminar yeniyetmə cüdoçuların muxtar respublika birinciliyinə hazırlıq xarakteri daşıyıb və həmin yarış yeni qaydalar əsasında keçiriləcək.