Ölkəmiz Əbu-Dabidə keçirilən “Happy Woman” forumunda təmsil olunub
Bakı, 2 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “Happy Woman” forumunda ölkəmizi Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri Səkinə Babayeva təmsil edib.
AQSİA-dan AZƏRTAC-a bildirilib ki, forum çərçivəsində təşkil olunan panel müzakirələrdə çıxış edən S.Babayeva ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən, qadın sahibkarlığına dövlət dəstəyindən, assosiasiyasının fəaliyyəti və gələcək planlarından danışıb. Bildirib ki, sahibkarlığın inkişafına respublikada həm siyasi, həm də dövlət qurumları tərəfindən böyük metodik dəstək göstərilir.
Assosiasiyanın İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə təsis olunduğunu deyən S.Babayeva qadın sahibkarlara göstərilən siyasi, mənəvi, maliyyə dəstəyini xüsusilə qeyd edib: “Son illər ölkəmizdə qadın sahibkarlığının inkişafına diqqətin artırılması bizi bir az daha qürurlandırır və həvəsləndirir. Hökumət qadın sahibkarlığının inkişafı məqsədilə konkret tədbirlər də nəzərdə tutub. Bu tədbirlər 2017-ci ildən başlayaraq 2025-ci ilə qədər davam etdiriləcək. Dövlətin prioritet istiqamətlərindən biri də ölkədə qadınların sosial-iqtisadi, ictimai-siyasi həyatda rolunun genişləndirilməsidir”.
O bildirib ki, AQSİA fəaliyyətə başlayandan bu günə kimi 100-dən çox mötəbər tədbir keçirib. Assosiasiyanın təşkilatçılığı ilə “Üfüqdə yeni fürsətlər”, “Qadın sahibkarlığına dəstək”, “Xanımdan xanıma sülh”, “Əl əməyi - göz nuru” adlı tədbirlər reallaşıb, habelə maliyyə əlçatanlığını dəstəkləmək üçün banklarla danışıqlar aparılıb: “Assosiasiyamızın təsis edilməsindən sonra qarşımıza bir sıra məqsədlər qoymuşduq. Bu məqsədlərdən başlıcası qadın sahibkarlara kömək etmək, işgüzar xanımları nümunə kimi təşviq edərək qadınların özəl sektorda fəaliyyətini gücləndirməkdir. Biz, yorulmadan çalışırıq və bildirmək istəyirəm ki, yorulmağa haqqımız belə yoxdur. Çünki, bizim üçün dövlətimiz tərəfindən yaradılan imkanlar olduqca yüksəkdir və bizə göstərilən diqqət, qayğı motivasiya üçün bir mayak rolunu oynayır. Həyata keçirdiyimiz layihələr, bu işlər, işdən çox bizim həyat tərzimizə çevrilib”.