Ölkəmizdə peşə təhsilinin inkişafına xüsusi diqqət göstərilir
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da “Hyatt Regency Baku” otelində “Peşəyönümü işinin təşkili: peşə təhsilinin təbliği” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq Təhsil Nazirliyi, Avropa İttifaqı və “Hyatt Regency Baku” otelinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev ölkəmizdə peşə təhsilinin inkişafına xüsusi önəm verildiyini vurğulayıb, bu sahədə aparılan islahatlar, həyata keçirilən layihələr, işəgötürən və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, tədbirin keçirilməsinin məqsədi Azərbaycanda peşə təhsilinin əhəmiyyətinin, cəmiyyətdə rolunun, məzunlar üçün yaratdığı iş imkanlarının şagirdlərə təlqin edilməsi, müvafiq qurumlar arasında bu istiqamətdə əməkdaşlığın təşviqi və genişləndirilməsidir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyevanın “Ümumtəhsil müəssisələrində peşəyönümü işinin səmərəliliyi üçün maarifləndirmənin aparılması” mövzusunda məruzəsi dinlənilib.
BŞTİ-nin müdiri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini qeyd edib, bu sənədə uyğun olaraq reallaşdırılan tədbirlərdən danışıb.
Peşə təhsili ilə bağlı fikirlərini diqqətə çatdıran M.Vəliyeva peşə təhsilinin təbliğinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
“British Council” təşkilatı direktorunun müavini Nigar Baimova peşə təhsili sahəsində həyata keçirilən birgə layihələrdən bəhs edib.
Sonra peşəyönümü işinin aparılması strategiyası, təbliği, peşə təhsilində dövlət-özəl əməkdaşlığı ilə bağlı təqdimatlar olub.
Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Hyatt Regency Baku” oteli arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.