Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Tərtər rayonunda olublar
Tərtər, 4 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Ağdamdan sonra Tərtər rayonuna səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüş zamanı qonaqlara Ermənistanın təcavüzü nəticəsində mülki vətəndaşlara qarşı törədilən terror cinayətləri barədə məlumat verilib. Bildirilib ki, 44 gün davam edən Vətən müharibəsində Ermənistan silahlı birləşmələri beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydaları pozaraq, Tərtər şəhəri də daxil olmaqla rayonun yaşayış məntəqələrinə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulub, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılıb. Dinc əhalinin atəşə tutulması nəticəsində 16 nəfər qətlə yetirilib, 63 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb ki, onların arasında qadın və uşaqlar da var.
Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Tərtər şəhərinin mərkəzi meydanında Vətən müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Tərtərə atılmış qadağan olunmuş raketlərin qalıqlarına baxıb, rayonun infrastrukturuna dəymiş ziyanı əks etdirən fotostendlərlə tanış olublar.
Sonra Şıxarx qəsəbəsindəki “Vətən bağı”nda ağac əkilib.