OMBUDSMANLARIN IV BAKI BEYNƏLXALQ KONFRANSI ÖZ İŞİNƏ BAŞLAMISDIR
“İnsan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi məqsədi ilə əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri” mövzusuna həsr edilmiş konfransda Rusiya Federasiyasının 20-dən çox subyektinin insan hüquqları üzrə müvəkkilləri, Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberq, habelə Milli Məclisin deputatları, dövlət qurumlarının və QHT-lərin nümayəndələri iştirak edirdilər.
İştirakçılar konfransın açılışından əvvəl Fəxri xiyabanı ziyarət edərək, ümummilli liderimiz Heydər Əliyevin məzarına əklil qoymuşlar. Onlar Şəhidlər xiyabanında da olmuş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla anmışlar.
Elmira Süleymanova konfransı açaraq, məqsədindən danışmışdır.
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Abbas Abbasov, Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Vladimir Lukin, Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Borsotti Rusiya Federasiyası və Azərbaycan Ombudsman təsisatlarının insan hüquqlarının müdafiəsi sahəsində birgə fəaliyyətindən bəhs etmiş, konfransa uğurlar arzulamışlar.
Konfransın ilk iş günündə “Avropa Şurasının üzvü olan Azərbaycanda iqtisadi, sosial və hüquqi islahatlar”, “İnsan hüquqları və demokratik dəyərlər: ombudsmanların təcrübəsi”, “Hüquqi maarifləndirmə ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən biri kimi” və digər mövzularda məruzələr dinlənilmiş və müzakirələr keçirilmişdir.
Mayın 7-dək başa çatacaq konfrans bölmə iclaslarında öz işini davam etdirəcəkdir.