Ömər Buludov son dəqiqələrdə vurduğu qolla “Neftçi”yə qələbə qazandırıb
Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da Topaz Premyer Liqasının 20-ci turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun sonuncu qarşılaşması “Kapital Bank Arena” stadionunda keçirilib. Lider “Neftçi” səfərdə “Sumqayıt” komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Neftçi” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı meydan sahibləri 26-cı dəqiqədə açıb. Müdafiəçilərin səhvini Peyman Babayi bağışlamayıb - 1:0. Qoldan sonra irəli atılan “Neftçi” rəqibin qapısı önündə bir neçə təhlükəli vəziyyətlər yaratsa da, birinci hissədə hesab dəyişilməyib.
Qarşılaşmanın ikinci hissəsində uzun sürən hücumlardan sonra 76-cı dəqiqədə “flaqman” hesabda tarazlığı bərpa eləməyə nail olub. Cinah ötürməsindən sonra paytaxt təmsilçisinin müdafiəçisi Mamadu Mbodj adını tabloya yazdırıb - 1:1. Matçın 77-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Hakimlə mübahisəyə görə Mehdi Cənnətov meydandan qovulub. Qarşılaşmanın 86-cı dəqiqəsində “Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov da, qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Oyunun 87-ci dəqiqəsində “Neftçi” hesabda önə keçməyə nail olub. Ömər Buludov rəqibin qapıçısına şans verməyərək qapıya qüvvətli zərbə endirib - 1:2.
Beləliklə, “Neftçi” səfərdə çətin qələbə qazanaraq “Qarabağ”ın xal itirməsindən yararlanaraq turnir cədvəlində vahid liderə çevrilib. “Flaqman” 44 xalla birinci, “Sumqayıt” isə 16 xalla sonuncu - 8-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, bu komandaların birinci dövrədəki oyunu “flaqman”ın qələbəsi ilə başa çatmışdı - 2:0.
Xatırladaq ki, turun digər oyunlarında “Keşlə” “Sabah”ı 3:0, “Qəbələ” “Səbail”i 2:1 hesabı ilə üstələyib, “Qarabağ” - “Zirə” matçında isə hesab açılmayıb.