Ömürlük məhbusun həbsxanada nikah mərasimi keçirilmişdir
Bakı, 30 oktyabr (AZƏRTAC). Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin həbsxanasında ömürlük azadlıqdan məhrum edilmiş məhkum Sergey Strelyayevin nikah mərasimi keçirilmişdir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, qurumun müəssisələrində cəza çəkən yaradıcı məhkumlardan olan S.A.Strelyayev çoxsaylı şeirləri və nəşr olunmuş kitabları ilə ictimaiyyətə yaxşı tanışdır. Məhkum S.Strelyayevin və onun yaxınlarının müraciəti əsasında Penitensiar Xidmətin rəhbərliyi onun nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaratmışdır.
Tədbirdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin, Qaradağ Rayon Qeydiyyat Şöbəsinin əməkdaşları, məhkumun anası, yaxın qohumları və tanışları, KİV nümayəndələri iştirak etmişlər.
Mərasimdə çıxış edən Xidmətin tərbiyə işinin təşkili idarəsinin rəisi, ədliyyə polkovniki Rafiq Ramazanov belə tədbirlərin respublikamızda həssas qrupa daxil olan məhkumların hüquqlarının qorunmasına yüksək diqqət və qayğının təzahürü olduğunu vurğulamış, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq penitensiar sistemdə aparılan köklü islahatlar barədə məlumat vermişdir.
Digər çıxış edənlər də belə bir tədbirin təşkil olunmasını penitensiar sistemdə əldə olunmuş yüksək nailiyyətlərin nümunəsi kimi qiymətləndirərək, ölkəmizdə hər kəsin hüquq bərabərliyinin təmin olunduğunu qeyd etmişlər. Həmçinin müasir penitensiar infrastrukturunun yaradılmasının, məhkumların maraqlarının təhsil və biliyə, müasir texnologiyalara yiyələnməyə yönəldilməsinin, onların azad cəmiyyətə sağlam mənəviyyatlı insanlar kimi qayıdışlarının təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunmuşdur.