On dörd rayonun sakinləri Şəmkirdə səyyar “ASAN xidmət”dən yararlana bilərlər
Şəmkir, 28 mart, Famil Quliyev, AZƏRTAC
Martın 28-dən səyyar “ASAN xidmət” Şəmkir şəhərində vətəndaşlara xidmət göstərməyə başlayıb.
Səyyar “ASAN xidmət”in qrup rəhbəri Nail Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib ki, bir ay müddətində Şəmkir rayonu ilə yanaşı, Qazaxdan Naftalanadək 14 rayonun sakinləri və bu rayonlarda məskunlaşan məcburi köçkünlər xidmətlərimizdən yararlana bilərlər. Səyyar xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi daxildir. Həmçinin mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi də həyata keçirilir.