“ONKOLOJİ YARDIM HAQQINDA” QANUNUN ƏHATƏ DAİRƏSİ DAHA GENİŞDİR
Bədxassəli şişlərdən əziyyət çəkən şəxslərə ixtisaslaşdırılmış tibbi və sosial yardımın göstərilməsinin hüquqi əsaslarını müəyyən edəcək bu qanun Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə, eləcə də respublika ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə, təşkilati-hüquqi formasından asılı olmayaraq, onkoloji xəstəliklərin profilaktikası və müalicəsi ilə məşğul olan bütün fiziki və hüquqi şəxslərə şamil ediləcəkdir.
Qanun layihəsində deyilir ki, tibbi sığortası olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının onkoloji müəssisələrində planlı tibbi yardım üzrə müayinə və müalicəsi ödənişli əsaslarla, bədxassəli şişlər üzrə onlara təxirəsalınmaz tibbi yardım isə dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcəkdir. Ümumiyyətlə, bədxassəli şişlərdən əziyyət çəkən şəxslərə dövlət təminatlı yardım tədbirləri nəzərdə tutulmuşdur. Buraya, bədxassəli şişlərdən əziyyət çəkən şəxslərə beynəlxalq tələblərə uyğun dövlət təminatlı yardım göstərilməsi, onların dispanserləşdirilməsi, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, onkoloji xidmət strukturlarının yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş profilaktik tədbirlərin görülməsi, onkoloji xəstəliklərlə əlaqədar bütün növ ekspertizaların aparılması, müalicə-diaqnostikası və digər xidmətlər daxildir.