Onurğa sütununun əyriliyi xəstəliyi çox ağır bir patologiyadır
Bakı, 17 may (AZƏRTAC, Elçin Hüseynov). Onurğa sütununun əyriliyi (skolioz) xəstəliyi çox ağır bir patologiyadır. Ancaq müalicəsi vaxtında aparılarsa, xəstəliyin qarşısını almaq mümkündür. Vaxtında müalicə tədbirləri görmədikdə isə ağır deformasiyalar əmələ gəlir və qiyməti çox baha olan cərrahiyyə əməliyyatı ilə nəticələnir. Bu əməliyyat çox mürəkkəb olduğundan qiyməti də bahadır. Ona görə də bu problemin qarşısını uşaqlıq dövründən almaq lazımdır.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, respublikanın baş travmatoloqu Vaqif Verdiyev jurnalistlərə müsahibəsində bildirmişdir.
Cənub bölgəsində bud-çanaq oynağı xəstəliklərinin daha çox müşahidə edildiyini bildirən respublikanın baş travmatoloqu demişdir ki, suda yod çatışmazlığı olan rayonlarda isə əsasən dayaq-hərəkət sisteminin xəstəliklərinə təsadüf olunur. Amma ümumilikdə götürdükdə xəstəliklərin sayında ciddi fərq yoxdur.
V.Verdiyev qeyd etmişdir ki, bir yaşına kimi uşaqların ultrasəs müayinəsindən keçirilməsi vacibdir. Çünki vaxtında aşkarlanan hər hansı bir xəstəliyi çox asan və ucuz başa gələn yolla müalicə etmək mümkündür.